Yeni Zelandiyanın ABŞ-yə ət ixracı 2026-cı ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq rekord həddə çatıb. Buna ABŞ-də iribuynuzlu mal-qaranın sayının son 75 ilin ən aşağı səviyyəsinə enməsi və təhlükəli parazitin yayılması fonunda idxal tələbatının yüksəlməsi səbəb olub.
MONETAR.AZ xəbər verir ki, bu barədə Yeni Zelandiya Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, ikinci rübdə Yeni Zelandiyanın ət ixracının dəyəri illik müqayisədə 36 faiz artaraq 3,9 milyard Yeni Zelandiya dollarına (təxminən 2,3 milyard ABŞ dolları) çatıb. ABŞ-yə ixrac isə 60 faiz artaraq 1,36 milyard Yeni Zelandiya dolları təşkil edib.
Bloomberg qeyd edir ki, ABŞ-də mal-qaranın sayının son 75 ilin minimum səviyyəsinə düşməsi ölkədə mal əti qıtlığı yaradıb. Nəticədə pərakəndə qiymətlər kəskin yüksəlib və may ayında qiymə mal ətinin qiyməti rekord həddə çatıb.
Bundan əlavə, iyun ayında ölümcül təhlükə yaradan Yeni Dünya ət milçəyi (New World screwworm) parazitinin yayılması heyvan daşımalarında problemlər yaradıb və heyvandarlıq sektorunun gəlirlərinə əlavə təzyiq göstərib. Agentliyin qiymətləndirməsinə görə, yoluxmanın geniş miqyas alacağı təqdirdə təkcə Texas ştatının kənd təsərrüfatına dəyən illik zərər 700 milyon ABŞ dollarını ötə bilər.
ABŞ-də mal əti çatışmazlığı dünya bazarında qiymətlərin yüksəlməsinə də təsir göstərib. ANZ Bank indeksinə əsasən, iyun ayında mal əti qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 24 faiz yüksək olub ki, bu da Yeni Zelandiya fermerlərinin gəlirlərinin artmasına şərait yaradıb.
ABŞ eyni zamanda Yeni Zelandiya quzu əti üçün də getdikcə daha mühüm bazara çevrilir. Bununla belə, yerli istehsalçıların şikayətlərindən sonra ABŞ hakimiyyəti bu ay quzu əti idxalının həcmi ilə bağlı araşdırmaya başlayıb.
Rəsmi statistikaya görə, 2026-cı ilin ikinci rübündə ət məhsulları Yeni Zelandiyanın ümumi ixracının təxminən altıda birini təşkil edib. Bu göstərici ilə sektor yalnız ümumi ixracın təxminən 25 faizini formalaşdıran süd məhsullarından geri qalır.
Mövsümi amillər nəzərə alınmaqla, ikinci rübdə ət ixracı birinci rüblə müqayisədə 12 faiz artıb. Bu artım əsasən ixracın fiziki həcminin 9,7 faiz yüksəlməsi və ixrac qiymətlərində qeydə alınan cüzi artımla əlaqələndirilir.