ABŞ-da LNG sənayesi iqtisadiyyatın əsas ixrac istiqaməti olacaq

ABŞ-da LNG sənayesi iqtisadiyyatın əsas ixrac

ABŞ-da mayeləşdirilmiş təbii qaz (LNG) sənayesi qarşıdakı onillikdə ölkə iqtisadiyyatının əsas ixrac istiqamətlərindən birinə çevriləcək. "S&P Global Energy" tərəfindən hazırlanan yeni araşdırmaya əsasən, LNG ixracı növbəti beş il ərzində ABŞ-ın ikinci ən böyük xalis ixrac sahəsi olacaq və 2040-cı ilədək ölkənin ümumi daxili məhsuluna (ÜDM) təxminən 1,4 trilyon dollar əlavə dəyər qazandıracaq.

Hesabatda qeyd olunur ki, yeni ixrac terminallarının istismara verilməsi nəticəsində ABŞ 2025-ci ildə bir il ərzində 100 milyon metrik tondan çox LNG ixrac edən ilk ölkə kimi tarixə düşüb. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi gözlənilir.

Analitiklərin proqnozuna görə, ötən il yeni LNG ixrac layihələri üzrə tətbiq olunan moratoriumun ləğvindən sonra maliyyələşmənin sürətlənməsi fonunda 2040-cı ilədək ABŞ-ın LNG tədarük zəncirinə yönəldilən ümumi investisiyaların həcmi 1 trilyon dolları ötəcək.

Araşdırmaya əsasən, bu dövr ərzində LNG ixracı ABŞ iqtisadiyyatına ümumilikdə 2,9 trilyon dollar gəlir gətirəcək. Eyni zamanda dövlət büdcəsinə 206 milyard dollar vergi daxilolması təmin ediləcəyi, əmək bazarında isə təxminən 630 milyard dollar həcmində gəlir formalaşacağı proqnozlaşdırılır.

Bununla yanaşı, daxili bazarda qaz istehlakının bahalaşacağı da gözlənilir. Hesabata görə, 2026–2031-ci illər ərzində ABŞ ev təsərrüfatlarının təbii qaz üzrə orta xərcləri təxminən 1,6% artacaq.

LNG ixracının genişlənməsi emal müəssisələri üçün xammal qazına (feed gas) tələbatı da əhəmiyyətli dərəcədə artıracaq. Proqnozlara əsasən, 2031-ci ilə qədər bu göstərici sutkada 36 milyard kubfuta çatacaq ki, bu da mövcud səviyyədən təxminən iki dəfə çoxdur.

"S&P Global Energy" hesab edir ki, beş il sonra ABŞ istehsalı olan LNG qlobal bazarın təxminən üçdə birini təmin edə bilər və bununla da ölkənin beynəlxalq enerji bazarındakı mövqeyi daha da güclənəcək.

Araşdırma müəllifləri eyni zamanda xəbərdarlıq edirlər ki, planlaşdırılan yeni LNG ixrac terminalları vaxtında istifadəyə verilməzsə, Avropa və Asiyada təbii qaz qiymətləri 50%-ə qədər arta bilər. Onların fikrincə, ABŞ-dan əlavə LNG tədarükü qlobal bazarda təklif balansının qorunması və enerji qiymətlərinin sabit saxlanılması baxımından həlledici rol oynayacaq.

MONETAR.AZ