2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın toxuculuq, geyim, dəri və ayaqqabı istehsalı sahələrində nəzərəçarpacaq artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin ilk yarısında pambıq emalı sahəsində əsas məhsullar üzrə istehsal həcmləri artıb. Hesabat dövründə pambıq mahlıcı istehsalı 53 356,4 ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,8% çoxdur. Pambıq ipliyi istehsalı 12 772,5 tona çatıb və illik müqayisədə 37,5% artıb. Pambıq parçaların istehsalı isə 15 647,6 min kvadratmetr olub ki, bu da əvvəlki ilin eyni dövründən 6,4% çoxdur.
Xalça və xalça məmulatlarının istehsalında isə kəskin artım müşahidə olunub. Belə ki, hesabat dövründə 48,8 min kvadratmetr xalça istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5 dəfə artım deməkdir.
Pambıq yataq ağlarının istehsalında isə azalma qeydə alınıb. Bu məhsul üzrə istehsal həcmi 120,9 min ədəd təşkil edib və illik müqayisədə 9,7% azalıb.
Geyim sənayesində əsas məhsul növlərinin əksəriyyəti üzrə artım müşahidə olunub. Üst geyim istehsalı 614,7 min ədəd təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 75,7% artıb. Sair geyim məhsullarının istehsalı 2 907,0 min ədəd olub ki, bu da 34% çoxdur. Corab məmulatlarının istehsalı 2 398,3 min cüt təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. İstehsalat və peşə komplektlərinin istehsalı 807,9 min ədəd olub və 15,2% yüksəlib. Alt geyim istehsalında isə 7,5% artım qeydə alınıb. Bu məhsul üzrə istehsal həcmi 788,7 min ədəd təşkil edib.
Aşılanmadan başqa digər emala məruz qalmayan xam dəri istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,9% azalıb. Emal edilmiş dəri istehsalı isə 2 dəfə artaraq 41,3 min kvadratmetrə çatıb. Ayaqqabı istehsalında da artım qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 586,2 min cüt ayaqqabı istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,3% çoxdur.
MONETAR.AZ