Çinin nadir torpaq element məhdudiyyətləri risk yarada bilər

Çinin nadir torpaq element məhdudiyyətləri

Beynəlxalq Energetika Agentliyi (BEA) kritik minerallar və nadir torpaq elementləri ilə bağlı yeni hesabatında xəbərdarlıq edib ki, Çinin ixrac məhdudiyyətləri tam miqyasda tətbiq olunarsa, ölkə xaricində hər il 6,5 trilyon dollar dəyərində sənaye istehsalı risk altına düşə bilər. Bu barədə Bloomberg məlumat yayıb.

Hesabatda bildirilir ki, tədarük zəncirlərindəki asılılığı azaltmaq üçün ölkələr strateji əməkdaşlığı gücləndirməli və "yüksək riskli" hesab olunan 11 kritik material üzrə ehtiyat fondları formalaşdırmalıdırlar. Agentliyin hesablamalarına görə, bunun üçün ilkin mərhələdə 9,2 milyard dollarlıq satınalma tələb olunur, sonrakı illərdə isə ehtiyatların saxlanılması və yenilənməsi üçün təxminən 900 milyon dollar xalis illik xərc kifayət edəcək.

BEA vurğulayır ki, bu məbləğlər böyük görünsə də, mümkün tədarük böhranının iqtisadi nəticələri ilə müqayisədə olduqca məhduddur.

Agentliyin məlumatına görə, Çinlə yanaşı, Konqo Demokratik Respublikası və Zimbabve kimi ölkələrin də tətbiq etdiyi ixrac məhdudiyyətləri kritik minerallar bazarında coğrafi konsentrasiyanı daha da artıraraq qlobal tədarük təhlükəsizliyi üçün ciddi risk yaradır.

BEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, qlobal iqtisadiyyat üçün yüksək dəyər yaradan bir çox sənaye sahəsi məhz az həcmdə istehsal olunan, lakin tədarükü məhdud sayda ölkədə cəmləşən kritik faydalı qazıntılardan asılıdır.

Onun sözlərinə görə, tədarük zəncirinin şaxələndirilməsi əlavə maliyyə xərcləri tələb etsə də, geosiyasi qeyri-müəyyənlik şəraitində bu yanaşma iqtisadiyyat üçün bir növ sığorta rolunu oynayır.

Nadir torpaq elementləri ötən il ABŞ və Çin arasında ticarət qarşıdurmasının əsas mövzularından birinə çevrilmişdi. Pekinin tətbiq etdiyi ixrac məhdudiyyətləri elektromobillərdən və smartfonlardan tutmuş müdafiə sənayesinə qədər bir çox istehsal sahəsində narahatlıq yaradıb. Bu materialların məhsulun ümumi maya dəyərində payı nisbətən kiçik olsa da, onların çatışmazlığı istehsal prosesini ciddi şəkildə ləngidə bilər.

Hesabatda qeyd olunur ki, son illərdə tədarükün şaxələndirilməsi istiqamətində müəyyən irəliləyiş əldə olunub. ABŞ və Malayziyada nadir torpaq elementlərinin emal güclərinin artırılması nəticəsində Çinin bu sahədəki qlobal payı 90%-dən 85%-ə enib. Mövcud layihələrin plan üzrə həyata keçirilməsi halında isə bu göstəricinin 2035-ci ilədək 70%-ə düşəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, BEA bildirir ki, emal mərhələsində coğrafi asılılıq hələ də yüksək olaraq qalır. Xüsusilə nikel emalında İndoneziya, digər əsas enerji minerallarında isə Çin qlobal bazarda dominant mövqeyini qoruyur və son illərdə emal güclərindəki artımın böyük hissəsi məhz bu iki ölkənin payına düşüb.

MONETAR.AZ