Ən çox borcu olan ölkələr açıqlandı – siyahının başında ABŞ-dır

Ən çox borcu olan ölkələr açıqlandı –

2026-cı ildə ən çox dövlət borcu olan ölkələr açıqlanıb – ABŞ liderdir

2026-cı ildə dünyanın ən böyük dövlət borcuna malik ölkəsi ABŞ olacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, ABŞ hökumətinin borcu 40,7 trilyon ABŞ dollarına çatacaq.

MONETAR.AZ xəbər verir ki, bu barədə BVF-nin 2026-cı il üzrə proqnozları əsasında hazırlanan araşdırmada bildirilir.

Araşdırmaya görə, nominal ifadədə ən böyük dövlət borcuna malik ölkələr sırasında ABŞ-dən sonra Çin qərarlaşıb. Çinin dövlət borcunun 22,29 trilyon dollar, Yaponiyanın borcunun isə 8,95 trilyon dollar olacağı gözlənilir.

Dövlət borcunun həcminə görə ilk sıralarda Böyük Britaniya (4,42 trilyon dollar), Fransa (4,26 trilyon dollar), İtaliya (3,79 trilyon dollar), Almaniya (3,52 trilyon dollar), Hindistan (3,46 trilyon dollar), Kanada (2,78 trilyon dollar) və Braziliya (2,54 trilyon dollar) yer alır.

İspaniyanın dövlət borcunun 2026-cı ildə təxminən 2,05 trilyon dollar, Meksikanın 1,33 trilyon dollar, Sinqapurun 1,13 trilyon dollar, Avstraliyanın 1,08 trilyon dollar, Cənubi Koreyanın isə 1,05 trilyon dollar olacağı proqnozlaşdırılır.

Bununla belə, dövlət borcunun ümumi məbləği ölkələrin iqtisadi yükünü tam göstərmir. Borcun ÜDM-ə nisbəti nəzərə alındıqda mənzərə əhəmiyyətli dərəcədə dəyişir.

Bu göstəriciyə görə 2026-cı ildə ən yüksək borc yükünə malik ölkə Yaponiya olacaq. Ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 204,4 faiz təşkil edəcəyi gözlənilir. Sinqapurda bu göstərici 171,9 faiz, Sudanda 169,1 faiz, Bəhreyndə isə 152,4 faiz olacaq.

İlk beşliyə həmçinin İtaliya (138,4 faiz) və Yunanıstan (136,9 faiz) daxildir. ABŞ isə dövlət borcunun ümumi həcminə görə dünya lideri olsa da, borcun ÜDM-ə nisbətinə görə 125,8 faiz göstərici ilə doqquzuncu yerdə qərarlaşır.

Mütəxəssislər qeyd edirlər ki, borc səviyyəsinin qiymətləndirilməsi zamanı yalnız ÜDM-ə nisbət deyil, ölkənin maliyyə sabitliyi, kredit reytinqi, siyasi vəziyyəti və borclanma imkanları da nəzərə alınır.

Avropada da bir sıra ölkələr yüksək dövlət borcu ilə seçilir. İtaliya və Yunanıstanın borcu ÜDM-in 135 faizindən çoxdur. Fransanın dövlət borcunun 2026-cı ildə 4,26 trilyon dollar, Böyük Britaniyanın isə 4,42 trilyon dollar olacağı gözlənilir.

Almaniyanın dövlət borcunun isə 3,5 trilyon dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya büdcə kəsirlərini məhdudlaşdırmaq üçün "borc əyləci" mexanizmindən istifadə edir.