Rusiyanın qızıl ehtiyatları azalma trendini davam etdirərək son beş ildən artıq müddətdə qeydə alınan ən aşağı həddə düşüb. Rusiya Mərkəzi Bankının açıqladığı statistikaya görə, 2026-cı il iyulun 1-nə ölkənin qızıl ehtiyatları 73,4 milyon troya unsiyası təşkil edib.
Müqayisə üçün, bu göstərici iyunun 1-nə 73,7 milyon, mayın 1-nə isə 73,9 milyon troya unsiyası olub. "RİA Novosti" agentliyinin hesablamalarına əsasən, iyulun əvvəlinə qeydə alınan həcm 2020-ci ilin fevralından bəri ən aşağı səviyyə hesab olunur.
Azalma tendensiyası beynəlxalq statistikalarda da öz əksini tapır. Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, 2026-cı ilin may ayında dünya mərkəzi bankları ümumilikdə 41 ton qızıl ehtiyatı artırdığı halda, Rusiya əks istiqamətdə hərəkət edərək ehtiyatlarını daha 6 ton azaldıb.
Şuranın hesablamalarına əsasən, Rusiya ilin əvvəlindən bəri ümumilikdə 34 ton qızıl satıb. Nəticədə ölkənin qızıl ehtiyatlarının həcmi 2 292 tona qədər geriləyib.
Qeyd olunur ki, Rusiya Mərkəzi Bankı cari ilin yanvar ayında qızıl satışının həcminə görə dünya üzrə ilk sırada qərarlaşıb. Analitiklərin fikrincə, ehtiyatların azalması Rusiyanın maliyyə resurslarının idarə olunması strategiyası və büdcə ehtiyaclarının maliyyələşdirilməsi ilə bağlı qərarlarla əlaqəli ola bilər.
MONETAR.AZ